Tovuz şəhəri Bakıdan 439 km aralıda yerləşir. 1947-ci ildə rayon tabeli şəhər statusu almışdır. Qədim türk yazılı mənbələrinə görə guman edilir ki, Tovuz şəhərinin adı Oğuz, Toğuz türkdilli qəbilələrin adından yaranmışdır. Çarlıq dövründə burada bir alman koloniyasının əsası qoyulmuşdu. O dövrdə də şəhərin adı Traubenfeld (almanca “üzüm dərəsi” deməkdir) idi. Rayonunun ərazisindən axan çaylar Kiçik Qafqazın şimal-şərq yamacından mənbəyini götürür və sağdan Kür çayına qovuşur. Rayonun ərazisindən Tovuz, Axınca, Zəyəm və Əsrik çayları axır. Rayonun şimal hissəsindən Kür çayı keçir. Bu çay Ceyrançöl alçaq dağlığını Gəncə-Qazax düzündən ayırır. Rayonun ərazisindən axan çaylar başlanğıcını Kiçik Qafqazın şimal-şərq yamacında yüksək və orta dağlıq silsilələrindən götürməklə rayonun böyük çayları hesab olunur və təsərrüfatda geniş istifadə olunur.
Zəyəmçay haqqında
Tovuzun ən gözəl çaylarından biri də Zəyəmçaydır. Zəyəmçay Şəkərbəy və Çətindərə çaylarının birləşməsindən əmələ gəlir. Zəyəm çayının yuxarı axını Şahdağ silsiləsinin şimal yamacında yerləşir. Mənbəyi 2020 m. yüksəklikdə yerləşir. Uzunluğu 90 km, hövzəsinin sahəsi 942 km2, su sərfi isə 6,3 m³/ san-dir. Yuxarı axımında çaya soldan Bacanka (uzunluğu 25 km), Çətindərə (uzunluğu 24 km), Kiçik Qaramurad (uzunluğu 11 km), sağdan isə Kilisəlisu (uzunluğu 14 km), Babaçay (uzunluğu 26 km) kimi qollar qarışır. Axımı yeraltı, yağış və qar sularından əmələ gəlir. Qarın əriməsi dövründə böyük daşqınlar baş verir. Ən çox axım yaz və yay aylarında olur. Zəyəmçay Kürə ildə orta hesabla 22 min tona qədər asılı gətirmələr aparır. Çayın mənbəyində yağıntıların illik miqdarı çoxdur, bulaqlar boldur. Çay yuxarı hissədə dərin və dar dərələrlə axır. Çay yatağının düşməsi isə 100-120 m/km arasında dəyişir, orta axında dağın relyefinin formasından asılı olaraq bu çaylar nisbətən geniş dərələrlə axır və yatağın meylliliyi 10-30 m/km-ə qədər azalır, çay dərəsi genişlənir və terraslarla müşayiət olunur. Aşağı axında Gəncə-Qazax düzənliyini kəsib keçərək Kürə qovuşur. Bu hissədə çay qutuvari terraslı dərələrlə axır. Zəyəmçay hətta Şəmkir və Tovuz rayonları arasında sərhəd rolunu oynayır.
Avdal kəndi
Zəyəmçayın gəzməli-görməli gözoxşayan kəndlərindən biri də Avdal kəndidir. Avdal Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənddir. 7 mart 2012-ci ildə Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Tovuz rayonunun Yanıqlı inzibati ərazi vahidində olan kənd Çınqıldağ silsiləsinin ətəyindədir. Oykonim abdal tayfasının adı ilə bağlıdır. Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür.